Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəqəmsal mühitdə apardığı nəzarət və əməliyyat tədbirləri zamanı saxta kredit təklifləri vasitəsilə dələduzluq edən şəxs saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Elcan Cəfərov sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə bənzər saxta profillər yaradıb. O, həmin səhifələrin “WhatsApp” qrupları və digər sosial platformalarda reklamını gerçəkləşdirərək daha çox insanın cəlb olunmasını təmin edib.
Saxta səhifələrə daxil olan vətəndaşlardan kredit bağlanması adı ilə bank kartlarının nömrəsi, son istifadə tarixi, CVV/CVC və SMS vasitəsilə göndərilən OTP kodları tələb edilib. Bu məlumatlar əldə edildikdən sonra kartlardakı vəsaitlər başqa şəxslərin hesablarına köçürülüb və nağdlaşdırılıb.
Fakt üzrə Baş İdarədə cinayət işi başlanıb. Şübhəli şəxs cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib ki, sosial şəbəkələrdə rast gəlinən kredit elanlarının və digər reklamların etibarlılığını öncə yoxlasınlar, maliyyə xidmətlərindən əvvəl qurumların qanuni fəaliyyətini təsdiq etsinlər. Banklar, dövlət və rəsmi təşkilatlar telefon zəngi, mesaj və ya sosial şəbəkə vasitəsilə PIN, CVV/CVC və OTP kimi məxfi məlumatları tələb etmirlər, buna görə də bu tip məlumatları tanımadıqları şəxslərə və şübhəli internet səhifələrinə verməsinlər.
Belə hallarla qarşılaşdıqda vətəndaşlara dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.