Bir qrup kitabxana əməkdaşı Mədəniyyət Nazirliyinin onlara tətbiq etdiyi attestasiya imtahanından narazılıq edir və prosesin ədalətli keçirilmədiyini bildirir.

Müraciət edənlərdən Etibar Məmmədov qeyd edib ki, imtahanın məqsədi işçilərin biliklərini yoxlamaq deyil, onları işdən çıxarmağa əsas yaratmaqdır. O, illərlə kitabxanalarda çalışan şəxslərə İKT və şəbəkə texnologiyalarına dair suallar verildiyini vurğulayıb və bunun hazırlıq olmadan həyata keçirildiyini bildirib.

Məmmədovun sözlərinə görə, imtahana cəlb olunanlarda “internet şəbəkəsinin ünvanlaşdırılması sistemi” və “domen adları sistemi” kimi texniki mövzularda suallar olub. O, əvvəlcə işçilərə müvafiq təlim və hazırlıq verilməli olduğunu, bu olmadan keçirilən qiymətləndirməni isə cəza adlandırıb.

Şikayətçi həmçinin işdən çıxarılanların çoxunun uzun müddət kitabxana işində çalışan, az maaşla xidmət göstərən və yaşlı şəxslər olduğunu vurğulayıb. O qeyd edib ki, bəzi işçilər iş şəraitinin tələb etdiyi avadanlığı şəxsi vəsait hesabına təmin edib və indi həmin insanların “domen sistemi”ni bilməməsi əsas gətirilərək işdən çıxarıldığını iddia edib.

Etibar Məmmədov həmçinin rəqəmsallaşmanı qəbul etdiklərini, lakin bu prosesin insanların taleyi üzərinə qurulmaması lazım olduğunu bildirib. Onun fikrincə, texnologiyaya keçid tədricən, təlim, hazırlıq və dəstək vasitəsilə təşkil edilməli, yalnız bundan sonra attestasiya aparılmalıdır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən verilən açıqlamada bildirilib ki, mərkəzləşdirilmiş kitabxana sistemlərində informasiya texnologiyaları və rəqəmsal resursların idarə edilməsi üzrə çalışanların peşə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə attestasiya başladılıb.

Nazirliyin açıqlamasında qeyd olunub ki, attestasiya sualları əvvəlcədən işçilərə təqdim edilmiş proqram əsasında hazırlanıb, imtahana ayrılan otaqlar müvafiq kompüter avadanlığı ilə təmin edilib və komissiyalar sahə mütəxəssisləri və həmkarlar ittifaqları nümayəndələrinin iştirakı ilə beş nəfərlik tərkibdə formalaşdırılıb. Hər bir işçi fərdi qaydada qiymətləndirilərək komissiyanın səs çoxluğu ilə vəzifəyə uyğunluğu müəyyən edilib və nəticə dərhal onlara bildirilib.

Açıqlamada həmçinin vurğulanıb ki, 2023-cü ildən etibarən Azərbaycan Milli Kitabxanası tərəfindən regionlar üzrə KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi və müasir kitabxana xidmətləri üzrə mərhələli təlimlər həyata keçirilib və bu təlimlərə respublika əhəmiyyətli kitabxanaların və nazirliyin tabeliyindəki mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları cəlb olunub. Nazirlik maddi-texniki baza ilə bağlı ardıcıl tədbirlərin görüldüyünü də bildirib.