Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi saxta sosial şəbəkə profilləri və WhatsApp hesablarından istifadə edilərək dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının adına təşkil olunan çoxsaylı kiberdələduzluq faktları ilə bağlı əməliyyat keçirib.
Əməliyyat nəticəsində şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplarla əlaqə saxlayaraq onlara yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə üçün bank kartları və digər məlumatlar veriblər. Bu mobil nömrə və bank kartları vasitəsilə təşkil olunan onlayn əməliyyatlardan dələduzluqlar həyata keçirilib.
Əməliyyat zamanı qanunsuz yolla əldə olunmuş 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qeyd edilən cinayətkar əməllərdə istifadə olunduğu aşkarlanıb. Həmin kartlar və nömrələrin bir hissəsinin onlayn qumar və kazino saytlarında tətbiq edildiyi də müəyyən edilib.
Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Xaricdə fəaliyyət göstərən qrupların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün işlər aparılır.
Vətəndaşlara bir daha bildirilir ki, bank rekvizitlərini və mobil nömrələrini üçüncü şəxslərə cinayət məqsədilə təqdim etmək yolverilməzdir. Əgər kartınızdan və ya nömrənizdən qanunsuz istifadə olunduğunu, hesabınıza mənbəyi şübhəli vəsait köçürüldüyünü və ya mobil nömrənizə şübhəli mesajlar gəldiyini aşkar etmisinizsə, dərhal polisə məlumat verməyiniz tövsiyə olunur.