Kürdəmir rayonundan olan fermer İsa Xəlilov bildirib ki, ona məxsus pay torpağına kompensasiya verilməyib.

Fermerin sözlərinə görə, ərazi 2011-ci ildə Bala Kəngərli bələdiyyəsi tərəfindən 99 illik icarəyə verilib. Daha sonra o, müvafiq orqanlara müraciət edərək 2.36 hektarlıq əkin sahəsinə dair çıxarış əldə edib.

Xəlilov deyir ki, Yuxarı Şirvan kanalının yenidən qurulması layihəsi çərçivəsində onun sahəsinin 1.4 hektarlıq hissəsi istifadəyə verilib. Layihəni həyata keçirən qurumların nümayəndələri sənədləri qəbul edərək ərazi üçün kompensasiya ödəniləcəyini bildirmişdilər.

Fermer daha sonra ona kompensasiya verilməyəcəyi bildirildiyini deyir. Verilən izahatda torpaq sahəsinin mülkiyyətçisinin bələdiyyə olması əsas gətirilib.

"Mən ərazinin bu vəziyyətə gətirilməsi üçün 10 min manatdan çox pul xərcləmişəm. Torpağa maşınlarla gübrə vermişəm", - İsa Xəlilov əlavə edib.

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, icarə müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vətəndaşın torpaqda apardığı yaxşılaşdırmaların ödənməsi müqavilə şərtlərinə uyğun həll olunmalıdır.