Abşeron rayonunun Masazır kəndində, Niyazi küçəsində yeni tikilən çoxmərtəbəli bina sakinlər arasında narazılıq doğurub.
Yerli sakinlər bildirirlər ki, layihə ilə bağlı ilkin məlumatlarda üçmərtəbəli bina nəzərdə tutulsa da, sonradan mərtəbələrin sayı artırılıb. İddialara görə, hazırda tikilinin altı mərtəbəsi inşa edilib və bu, həyət evlərinə çox yaxın yerləşir.
Şikayətçilər həmçinin ərazidə yolun yararsız hala düşdüyünü, kanalizasiya xəttinin zədələndiyini və əvvəllər mövcud olan ağacların kəsildiyini bildiriblər.
Məsələ ilə bağlı tikinti aparan şirkətin mövqeyini öyrənməyə çalışılanda, telefonla əlaqə saxlayan şəxs özünü təqdim etməyib və tikintinin hansı şirkətə aid olduğu barədə məlumat verməyib. Eyni şəxs tikintiyə icazə verən sənədlərin mövcudluğu barədə sualı da cavabsız qoyub.
Telefon danışıqları zamanı həmin şəxs sakinlərlə əlaqə qurulduğunu və onlara təzminat veriləcəyini bildirib, lakin digər detalları açıqlamayıb.