Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.

Ziyarət zamanı birinci xanımlar Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və onun qızları Saida və Şaxnoza Mirziyoyeva ilə birlikdə mərkəzin imkanları barədə məlumat alıblar.

Mərkəz Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə yaradılıb. On hektardan artıq sahəni əhatə edən kompleks Səmərqəndin klassik memarlıq üslubunda inşa olunub və 65 metr hündürlüyündə günbəzi ilə seçilir.

Təsisatda bir neçə şöbə fəaliyyət göstərir, onlardan nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu, kitabxana və arxivlər xüsusi yer tutur. Burada müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər nümayiş olunur, əcdadların yaradıcılıq nümunələri müasir texnologiyalar və rəqəmsal vasitələrlə təqdim edilir.

Mərkəzin kitabxanasında 100 minə yaxın əlyazma və 1 milyondan çox kitab qorunur. Muzey ekspozisiyası "İslamdan əvvəl sivilizasiyalar", "Birinci İntibah dövrü", "İkinci İntibah dövrü", "XX əsrdə Özbəkistan", "Yeni Özbəkistan - Üçüncü İntibahın əsası" və "Müqəddəs Quran" adlı zallardan ibarətdir.

Ekspozisiyanın mərkəzində yerləşən "Müqəddəs Quran" zalında müsəlman dünyasının qiymətli nümunələrindən biri, "Osman Quranı" saxlanılır. Bu zala müxtəlif dövrlərdə yazılmış Qur’an əlyazmaları və özbək dilinə edilmiş tərcümə nüsxələri də təqdim olunub.

Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, dini və ictimai xadim iştirak edib. Mərkəz UNESCO və ICESCO daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.