Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistanda rəsmi səfər çərçivəsində Daşkənddə yerləşən İslam Sivilizasiyası Mərkəzini gəziblər.
Onlar ziyarət zamanı Özbəkistanın Birinci xanımı Ziroatxon Mirziyoyeva ilə və onun qızları Saida və Şaxnoza Mirziyoyeva ilə birlikdə mərkəzin fəaliyyətini və ekspozisiyalarını izləyiblər.
Mərkəz Prezident Şavkat Mirziyoyevin qərarı əsasında yaradılıb və on hektardan artıq ərazini əhatə edir. Binanın memarlıq həlli Səmərqəndin qədim nümunələrindən ilhamlanaraq hazırlanıb və komplekstə 65 metr hündürlüyündə geniş günbəz daxildir.
Təşkilatda bir neçə şöbə fəaliyyət göstərir, o cümlədən nadir əlyazmaların milli reyestrinin aparıldığı bölmə, əlyazmalar fondu, kitabxana və arxivlər mövcuddur. Burada müxtəlif tarixlərə aid əşyalar və əsərlər nümayiş olunur.
Mərkəzin təqdimatlarında əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazlar vasitəsilə nümayiş etdirilir. Binada 100 minə qədər əlyazma və 1 milyondan çox kitabın saxlandığı kitabxana yerləşir.
Muzey ekspozisiyası bir neçə zaldan ibarətdir: “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran”.
Ekspozisiyanın mərkəzi olan “Müqəddəs Quran” zalında müsəlman dünyasının qiymətli nüsxələrindən biri, “Osman Quranı” saxlanılır. Zalda həmçinin müxtəlif dövrlərə aid “Quran” əlyazmaları və özbək dilinə edilmiş tərcümə nüsxələri nümayiş olunur.
Layihənin reallaşmasında yüzlərlə alim, ekspert, eləcə də dini və ictimai xadim iştirak edib. İslam Sivilizasiyası Mərkəzi UNESCO və ICESCO daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.