Memar Elçin Əliyev İçərişəhərin tarixi küçə adlarının dəyişdirilməsini ictimai müzakirə mövzusuna çevirib.
O bildirib ki, qədim küçə adlarının dəyişdirilməsi şəhərin tarixi yaddaşına mənfi təsir göstərir. "Artıq Böyük Minarə küçəsi yoxdur. Sobornaya, Cümə, Saray, Buxara küçələri yoxdur. Hətta Qəsr küçəsinin bir hissəsinin də adı dəyişdirilib. Onların tarixi adları müasirlərimizin adları ilə əvəz olunub", — deyə E. Əliyev qeyd edib.
Memar vurğulayıb ki, küçə və meydan adları yalnız ünvan göstəricisi deyil; onlar şəhərin strukturu, məhəllələrinin məzmunu, abidələr və müxtəlif dövrlərin dili ilə dünyagörüşü barədə informasiya daşıyan mədəni irs nümunəsidir.
E. Əliyev yeni yaranan küçə və məkanlara tarixən Bakı ilə bağlı olan görkəmli şəxslərin adlarının verilə biləcəyini söyləyib. O, bu siyahıya Aleksandr Düma, XVII əsr alman səyyahı Engelbert Kempfer və rəssam knyaz Qriqori Qaqarini daxil etmək mümkün olduğunu vurğulayıb.
Memar İçərişəhərin tarixi toponimiyasının bərpası və qorunması məqsədilə xüsusi komissiyanın yaradılmasını zəruri sayır. Belə komissiyanın köhnə planları, xəritələri, ünvan kitablarını, arxiv sənədlərini və şifahi yaddaşı toplayaraq küçə, döngə və meydan adlarının araşdırılmasını təmin etməli olduğunu bildirib.
O, tarixən təsdiqlənmiş adların İçərişəhərin mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilməsi və əsassız olaraq dəyişdirilməməsi vacib olduğunu əlavə edib: "Əgər biz həqiqətən İçərişəhərin bənzərsizliyini qorumaq istəyiriksə, yalnız onun daşlarını deyil, küçələrinin adlarında yaşayan yaddaşı da qorumalıyıq", — deyə professor fikrini tamamlayıb.