Mənzilin və ya digər yaşayış sahəsinin qeyri-yaşayış funksiyasına uyğunlaşdırılması üçün müəyyən hüquqi və inzibati prosedurların tamamlanması tələb olunur.

Prosesin başlanması üçün vətəndaş lisenziyalı layihələndirmə şirkətinə müraciət etməlidir. Memar tərəfindən qeyri-yaşayış sahəsinin layihəsi hazırlanır və sənədlər tərtib edilir.

Layihə hazır olduqdan sonra vətəndaş mülkiyyətini təsdiq edən çıxarışı və varsa torpaq sahəsinə aid sənədi, həmçinin şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq rayon icra hakimiyyətinə müraciət edir. Müraciətdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün sərəncamın verilməsi xahiş edilir.

Əgər icra hakimiyyəti çevrilmənin məqsədəuyğun olduğunu qiymətləndirərsə, müvafiq sərəncam imzalanır. Bu qərardan sonra sənədlər Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim edilir və əmlaka yeni çıxarış verilməsi təmin olunur.

Aidiyyəti qurum çevrilməyə dair imtina qərarı verərsə, vətəndaş məhkəməyə müraciət etmək hüququna malikdir. İddia ərizəsində həmin qurumun yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyini üzərinə götürməsi tələb oluna bilər və məhkəmənin müvafiq qərarı əsasında çevrilmə həyata keçirilə bilər.

Beləliklə, yalnız mənzil sahibinin istəyi kifayət etmir; sənədlərin hazırlanması, hakimiyyət orqanına rəsmi müraciət və sərəncamın alınması kimi addımların yerinə yetirilməsi vacibdir. Imtina hallarında isə məsələ məhkəmə yolu ilə həll oluna bilər.