Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən və Azərbaycanın neft milyonçularından Şəmsi Əsədullayevə məxsus tarixi bağ evi baxımsız vəziyyətə düşüb.

Binanın memarlıq abidəsi kimi inşa tarixi 1897–1901-ci illərə təsadüf edir. Hazırda mülkün ümumi durumu qənaətbəxş sayılmır və müxtəlif hissələrdə ciddi aşınma müşahidə olunur.

Mülkdə uzun müddətdir məcburi köçkün ailələri məskunlaşıb; sakinlər bildirir ki, burada təxminən 34 ildir insanlar yaşayır. Onların sözlərinə görə, bu müddət ərzində aidiyyəti dövlət orqanlarından heç bir baxış və ya təmir işi həyata keçirilməyib.

Binanın damının vəziyyəti pis olduğundan, yağış yağarkən mənzillərə su damır və yaşayış şəraiti çətinləşir.

Sakinlərdən biri bildirdi ki, mənzillərini öz vəsaitləri hesabına təmir etməyə çalışırlar, mülkin bərbad vəziyyətdə olduğunu, evdən yeddi ilan çıxdığını və aidiyyəti qurumlara müraciətlərinə baxmayaraq heç kimin problemlə məşğul olmadığını söyləyib.