Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarında aparılan analizlər nəticəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı nümunələrində 3‑MCPD adlı emal çirkləndiricisi müəyyən edilib.

Agentliyin məlumatına görə, aşkar edilən maddə insan sağlamlığı üçün təhlükə yarada bilər və araşdırmaların davam etdirilməsi planlaşdırılır.

Qida təhlükəsizliyi sahəsində ekspert Elsevər Fərzəliyev bildirib ki, 3‑MCPD adətən bitki yağlarının emalı zamanı texnoloji proseslərin düzgün təşkil edilməməsi nəticəsində əmələ gəlir. Onun sözlərinə görə, emal şəraitinin nəzarətsiz olması belə qida çirkləndiricisinin yaranmasına səbəb ola bilər.

Ekspert həmçinin yüksək temperaturun bu maddənin əmələ gəlməsini sürətləndirə biləcəyini qeyd edib. Belə ki, emal prosesində xammal yüksək temperatur altında işlənərkən yüksəkmolekullu birləşmələr parçalanır və nəticədə yeni maddələr, o cümlədən 3‑MCPD kimi çirkləndiricilər meydana çıxa bilər.

Elsevər Fərzəliyev 3‑MCPD‑nin insan orqanizminə mənfi təsir göstərə biləcəyini vurğulayıb. O, bu maddənin xüsusilə böyrək və qaraciyər funksiyalarına, eləcə də kişilərin reproduktiv sisteminə təsir göstərə biləcəyini söyləyib.

Məsələ ilə bağlı əlavə analizlərin və risk qiymətləndirmələrinin aparılması gözlənilir.