Şotlandiyalı aktrisa Fillida Lou 94 yaşında vəfat edib.

Aktrisanın meneceri Ceki Leqqo onun ölümünü açıqlayıb və bildirib ki, Lou ailəsinin əhatəsində, evində sakit şəkildə dünyasını dəyişib.

Fillida Lou kino səhnəsinə 1964-cü ildə "Məktəb oynayırıq" ("Play School") ilə daxil olub. Onun filmoqrafiyasında yüzdən artıq layihə yer alır və karyerası onlarca il davam edib.

1998-ci ildə Lou "Qış qonağı" filmindəki performansına görə "Ən yaxşı ikinci plan aktrisası" kateqoriyasında "Chlotrudis Awards" mükafatına namizəd göstərilmişdi. 2014-cü ildə isə o, Britaniya İmperiyasının fəxri ordeni ilə təltif olunub.

Şəxsi həyatında Fillida Lou 1957-ci ildə ingilis aktyor Erik Tompsonla evlənib. Həyat yoldaşı 1982-ci ildə dünyasını dəyişib. Bu evlilikdən iki qızı dünyaya gəlib: "Oskar" mükafatçısı aktrisa Emma Tompson və aktrisa Sofi Tompson. Hər iki qız "Harri Potter" franşizasında rol alıb.