Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasında Xəzərdə ayrı, vahid operatora malik Özbəkistan–Azərbaycan dəhlizinin yaradılmasına maraq göstərdiklərini bildirib.
Mirziyoyev iclasda hökumətlərarası komissiyanın həmsədrlərinin ticarətin artırılması və əməkdaşlığın dərinləşdirilməsi üzrə ətraflı planlarını dinləyəcəklərini söyləyib. O, nəqliyyat nazirlərinin qarşısında ciddi vəzifələrin dayandığını vurğulayıb.
Prezident Orta dəhlizin inkişafı kontekstində Xəzərdə birgə donanmanın fəaliyyətə başlamasının sürətləndirilməsinin vacib olduğunu deyib. Həmçinin bu mövzunu İlham Əliyevlə dar tərkibdə müzakirə etdiklərini və prosesi tezləşdirməli olduqlarını bildirib.
Mirziyoyev əlavə edib ki, Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında tərəflər maraqlıdırlar və bu istiqamətdə işlərin aparılması nəzərdə tutulur.