TASS-in məlumatına görə, Beynəlxalq Futbol Federasiyası (FIFA) nümayəndələri 15 yaşadək Rusiya yığmasının Bakıdakı dünya çempionatında və festivalında iştirakından məmnunluq ifadə ediblər, bunu Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov TASS-a verdiyi müsahibədə bildirib.

Rusiya yığması elit pley-off mərhələsinə vəsiqə qazansa da 1/16 finalda Meksika komandası ilə görüşdə 2:3 hesabı ilə uduzub. Hazırda ruslar 17-24-cü yerlər uğrunda mübarizə aparırlar.

"Mən düşünürəm ki, onlar hər bir yığmanın iştirakını yüksək qiymətləndirirlər. FIFA-dakı həmkarlarımız burda bizim iştirakımızdan çox məmnundurlar. Bu, o cümlədən söhbətlərimizdə də qeyd olunub", — deyə Mitrofanov söyləyib.

Rusiya yığması 2022-ci ildən sonra ilk dəfə FIFA çərçivəsində keçirilən turnirdə ölkə bayrağı və dövlət himni ilə çıxış edir.

Müsahibənin tam mətnini TASS saytında 29 oktyabr tarixində oxumaq olar.