Fəxri xiyabanda Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.
Tədbirdə sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Mədəniyyət Nazirliyinin nümayəndələri və müxtəlif mədəniyyət xadimləri iştirak edərək Müslüm Maqomayevin məzarını ziyarət edib və üzərinə güllər qoyublar.
Səadət Yusifova mərasimdə çıxış edərək Müslüm Maqomayevin yaradıcılığının Azərbaycan və dünya musiqi irsinin ayrılmaz hissəsi olduğunu bildirib və onun sənətinin gələcək nəsillər tərəfindən yaşadılacağına inamını ifadə edib.
Azərbaycanın Xalq rəssamı və heykəltəraş Ömər Eldarov Xalq artistinin mədəniyyətə verdiyi töhfələri xatırladaraq, Maqomayev üçün ucaldılmış abidənin heykəltəraşı olmasından məmnunluğunu qeyd edib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov isə Müslüm Maqomayevlə şəxsən tanışlıqdan qürur duyduğunu və onun daim xalqın qəlbində yaşayacağını vurğulayıb.
Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, məşhur bəstəkar Müslüm Maqomayevin nəvəsi olub və bir neçə beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək birinci yer və "Qızıl val" mükafatına layiq görülüb.
Maqomayev rəhbərlik etdiyi simfonik orkestrlə keçmiş Sovet şəhərlərində və Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsert proqramları təqdim edib.
O, 1964-cü ildə respublikanın "Əməkdar artisti", 1971-ci ildə "Xalq artisti", 1973-cü ildə isə "SSRİ-nin Xalq artisti" fəxri adlarına layiq görülüb. 1997-ci ildə müstəqil Azərbaycanın "Şöhrət" ordeni, 2002-ci ildə isə "İstiqlal" ordeni ilə təltif edilib.
Müğənni 2008-ci il oktyabrın 25-də vəfat edib.