Sərfəli mobil operator “Nar” on ilə yaxındır ki, gənclərin peşə hazırlığının gücləndirilməsi və əmək bazarına inteqrasiyasını dəstəkləyən “Təlim Məktəbi” layihəsini həyata keçirir.

Layihə çərçivəsində modelyer-dərzi, manikür ustası, aşpaz, şirniyyat ustası və motorçu daxil olmaqla müxtəlif ixtisaslar üzrə təlimlər təşkil edilir. İştirakçılar həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edir, öyrəndiklərini real iş şəraitində tətbiq etmə imkanı qazanırlar.

Layihənin məzunlarından biri olan Fatimə Hüsiyeva modelyer-dərzi təlimini uğurla başa vurduqdan sonra Bakı Tekstil Fabrikində işlə təmin olunub və hazırda həmin müəssisədə çalışır. “Nar” Fatimənin peşə təlimindən iş həyatına keçidinə dair qısa videomüsahibə hazırlayıb; müsahibədə o, peşə seçimi, təlim müddətində əldə etdiyi biliklər və cari iş təcrübəsi barədə danışır.

“Nar” həmin layihəni “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırır. Birgə fəaliyyət çərçivəsində eşitmə məhdudiyyəti olan şəxslər üçün peşə təlimləri təşkil olunur və onların iş bacarıqlarının artırılması istiqamətində dəstək göstərilir. Layihə sağlamlıq imkanları məhdud gənclərin əmək bazarına inteqrasiyasına yönəlib və inklüziv iş mühitinin formalaşmasına töhfə verir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən ölkədə lider mobil operator olaraq qiymətləndirilir. Operator istifadəçilərə sərfəli qiymətlərlə dayanıqlı və yüksəkkeyfiyyətli rabitə, müxtəlif internet paketləri və müasir eSIM texnologiyasını təqdim edir.