Bakının Nərimanov rayonunda, Rəhim Şıxəliyev küçəsində kanalizasiya xətlərinin yenilənməsi məqsədilə aparılan qazıntı işlərindən sonra yol bərpa edilməyib və problem hələ də davam edir.

Ərazidə işlərin təxminən bir il əvvəl başlayıb başa çatdığı, lakin qazılan hissənin asfaltlanmayaraq əvvəlki vəziyyətinə qaytarılmadığı bildirilib. Bu səbəbdən yolda çökəkliklər əmələ gəlib və hərəkət məhdudlaşıb.

Sakinlərin müraciətlərinə görə, yağışlı havalarda çökəkliklər palçığa çevrilir, yayda isə toz çoxalması ətrafda yaşayanlar üçün ciddi narahatlıq yaradır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yolun yenidən asfaltlanması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub göndərildiyini bildirib.

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, həmin quruma İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən hər hansı məktub daxil olmayıb. Agentlik əlavə edib ki, qazıntı aparacaq qurum əvvəlcədən texniki şərtlərlə bağlı müraciət etməli və iş başa çatdıqdan sonra yolu əvvəlki vəziyyətinə qaytarmalıdır.