Nərimanov rayonunda yol təmiri işlərinin uzun müddətdir yekunlaşmaması ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlər bildirir ki, Albert Aqarunov küçəsində aparılan işlər ya ləng gedir, ya da müəyyən müddətlə dayandırılır. Azərbaycan İqtisad Universitetinin yaxınlığındakı hissədə yol bəzən açılır, bəzən bağlanır ki, bu da nəqliyyat axınında ciddi çətinliklər yaradır.

Müraciətlərdə qeyd olunur ki, metronun "Gənclik" stansiyasından "Nərimanov" stansiyasına hərəkət edən sürücülər alternativ olaraq əsasən Fətəli Xan Xoyski prospektinə yönəldilir və nəticədə həmin istiqamətdə tıxaclar yaranır. Sakinlər təxminən 2 kilometrlik məsafəni keçmək üçün 30 dəqiqəyə qədər vaxt itirdiklərini bildirirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, sözügedən ərazidə işlərə texniki fasilə verilib və bu layihənin dayandırılması anlamına gəlmir.

Nəcəfli qeyd edib ki, bu məkan layihənin iri infrastruktur hissəsidir və işlər 2025–2030-cu illər üçün təsdiq olunmuş Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi Dövlət Proqramı çərçivəsində icra olunur. Layihədə təxminən 4 kilometr uzunluğunda yeni avtomobil yolu, 4 tunel və 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub.

Agentlik rəsmisi vurğulayıb ki, belə iri layihələrdə tikinti mərhələlərinin ayrı-ayrı sahələr üzrə texnoloji ardıcıllığı səbəbindən müvəqqəti fasilələr ola bilər. Bu, layihənin icrasında gecikmə demək deyil və işlər təsdiq edilmiş qrafikə uyğun olaraq mərhələli şəkildə davam etdirilir.

Nəcəfli əlavə edib ki, layihənin digər sahələrində tikinti-quraşdırma işləri plan üzrə davam edir və yaxın müddətdə sakinlərin narazılığına səbəb olan ərazidə növbəti iş mərhələsinə başlanılacaq.

Sakinlər isə yaranan hərəkət məhdudiyyəti və tıxacların aradan qaldırılması üçün işlərin davamlı qaydada aparılmasını gözləyirlər.