Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama keçirib.

Yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkar edilib.

Araşdırma zamanı müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, eləcə də sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Qeyd olunur ki, həmin obyektin sahibi 2025-ci ilin mayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb edilmişdi.