İsrail Baş naziri Benyamin Netanyahu seçki kampaniyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.
Likud partiyası Təl-Əvivdə yerləşən hündürmərtəbəli binanın üzərinə Ərdoğanın fotosu ilə yanaşı, İranın ali dini lideri Müctəba Xamenei, Nyu-York meri Zöhran Məmdani və Hizbullah lideri Naim Qasımın şəkillərini əks etdirən plakat asıb.
Plakatda “Onlar Netanyahunun məğlub olmasını istəyirlər, onların qalib gəlməsinə imkan verməyin” ifadəsi yer alıb.
Netanyahu həmin görüntünü “X” hesabında paylaşaraq Ərdoğanın onu Hitlerə bənzətdiyi çıxışdan gətirilən sitatı əlavə edib: “Netanyahunun hərəkətləri Hitlerin hərəkətlərindən fərqlidirmi? Netanyahu, bunu bil: Sən gedirsən”.
Reklam kampaniyasına bəzi dairələrdən etirazlar da gəlib. Müxalif siyasətçi Naama Lazimi plakatın öz versiyasını hazırlayıb; onun variantında Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani və Netanyahunun keçmiş müşavirlərinin fotoları yer alıb.
Laziminin təqdim etdiyi satirik plakatda “Onlar Netanyahunun qalib gəlməsini istəyirlər, məğlub olmalarına imkan verməyin” yazısı da əlavə olunub.
Bundan əvvəl Netanyahunun köməkçilərinin Qətərdən ödəniş aldığı və bunun müqabilində ölkənin maraqlarına uyğun fəaliyyət göstərdiyi iddiaları səslənib. Netanyahu bu iddialara reaksiya olaraq köməkçiləri ilə Qətər arasındakı mümkün əlaqələrin araşdırılmasını “cadugər ovu” adlandırıb. İddialar “Qatargate” qalmaqalı kimi tanınır.