Başqasının səhvini görən zaman tez-tez “hamının başına gələ bilər” demək asandır, amma eyni səhvi özü etdikdə insanlar özlərinə qarşı sərtlik göstərməyə meyllidirlər. “Kaş belə etməzdim”, “məndən heç nə alınmır”, “hamı məndən daha bacarıqlıdır” kimi fikirlər çox vaxt daxili dialoqun adi elementinə çevrilir.
Bu fərqin mənbəyini psixoloq Nizami Orucov şərh edib. O qeyd edib ki, başqasının səhvinə daha anlayışlı yanaşmaq mümkündür, çünki həmin vəziyyətin emosional yükünü öz üzərində hiss etmirik. Öz səhvlərimizdə isə məsələ sadəcə “səhv etdim” ilə bitmir, bu düşüncə tez-tez şəxsi qiymətləndirməyə keçid edir.
“Öz səhvimizə gəldikdə isə məsələ artıq sadəcə “səhv etdim” olmur. Bunu çox vaxt özümüz haqqında verdiyimiz qiymətlə əlaqələndiririk. “Səhv etdim” düşüncəsi “deməli, bacarıqsızam” və ya “məndən heç nə alınmır” düşüncəsinə çevrilir,” — psixoloq bildirib.
Orucov uşaqlıq təcrübələrinin də rolunu vurğulayıb. Əgər kimsə səhvlərinə görə tez-tez tənbeh olunub, müqayisəyə məruz qalıb və yalnız uğur halında sevgi və təqdirlə qarşılanıbsa, səhvi təhlükə kimi qavrama ehtimalı artır. Belə insanlar üçün uğursuzluq yalnız düzəldilməsi gərəkən bir hal deyil, şəxsiyyətlərinə yönəlmiş təhdid kimi hiss olunur.
Ekspert əlavə edib ki, sərt özünütənqid həmişə daha məsuliyyətli və uğurlu olmağa gətirmir. Əksinə, davamlı özünü alçaltmaq səhvdən dərs çıxarmaq yerinə həmin səhvə ilişib qalmağa səbəb ola bilər. Bu vəziyyət özünəinamın azalmasına, təşvişə, motivasiya itkisinə və yeni cəhdlərdən çəkinməyə gətirib çıxarır.
Orucov sağlam özünütənqid ilə özünə qarşı qəddarlıq arasındakı fərqi belə izah edib: davranışa yönələn tənqid faydalı, şəxsin öz dəyərini hədəf alan münasibət isə dağıdıcıdır. ““Bu qərarım düzgün olmadı, növbəti dəfə nəyi fərqli edə bilərəm?” – sağlam yanaşmadır. “Mən həmişə hər şeyi korlayıram, məndən heç nə çıxmaz” – isə artıq səhvi deyil, insanın özünü hədəfə alır,” — deyə o bildirib.
Həmçinin, daim özünü günahlandırmanın əsas səbəblərindən birinin hər şeyi nəzarətdə saxlamaq məcburiyyəti ilə bağlı yanlış inanc olduğunu vurğulayıb. İnsan düşünə bilər ki, özünü hər hadisədə günahlandırmaq gələcəkdə səhvlərin təkrarlanmasının qarşısını alacaq, amma həyatdakı bütün nəticələr bizim tam nəzarətimizdə deyil.
Nəticə etibarilə vacib olan məsuliyyətlə günahlandırma arasındakı sərhədi bilməkdir. Səhv edildikdə “Mən bunu etdim və nəticəsini qəbul edirəm” demək məsuliyyət nümunəsidir; “Mən bunu etdim, deməli, mən pis və bacarıqsız insanam” fikri isə özünə qarşı zərərvericidir. İnsan özünə başqasına göstərdiyi qədər anlayış göstərməli, səhvləri qəbul edib onlardan nəticə çıxarmaqla inkişaf etməlidir.