Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış proqramı davam etdirilir və bu çərçivədə növbəti köçlər həyata keçirilib.

Son mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca və Təzəbinə kəndlərinə, eləcə də Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ və Çapar kəndlərinə sakinlər köçürülüb.

Köçən ailələr müvəqqəti olaraq respublikanın müxtəlif bölgələrindəki yataqxana, sanatoriya və inzibati binalarda məskunlaşmış şəxslərdən ibarətdir. Xankəndinin Kərkicahan qəsəbəsinə 8 ailə, toplam 36 nəfər, Badara kəndinə 5 ailə, 13 nəfər, Xanyurduna 4 ailə, 10 nəfər, Xanabad kəndinə 8 ailə, 31 nəfər, Ballıcaya 3 ailə, 8 nəfər, Təzəbinə 14 ailə, 71 nəfər köçürülüb.

Ağdərə rayonunda Kolatağa 12 ailə, 36 nəfər, Həsənrizə 6 ailə, 30 nəfər, Aşağı Oratağa 12 ailə, 49 nəfər və Çapar kəndinə 15 ailə, 51 nəfər yönləndirilib.

Köçənlər kəndlərdə qarşılanma mərasimində iştirak ediblər. Qayıdan sakinlər dövlət tərəfindən hərtərəfli qayğı ilə təmin olunduqlarını qeyd edib, bu səbəbdən dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Eyni zamanda onlar ordumuzun torpaqlarımızı işğaldan azad etməsində göstərdiyi xidmətləri qeyd edib, qəhrəman əsgər və zabitlərə təşəkkürlərini çatdırıblar və şəhidlərimiz üçün dua ediblər.