Abşeron rayonunun Xırdalan şəhərində 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Hadisə Zərdabi küçəsində baş verib. Göyçay rayon sakini, 1990-cı il təvəllüdlü Əsəd ailə üzvləri ilə yaşadığı fərdi evdə həyat yoldaşı Gülnarla aralarında mübahisə yaranıb. Münaqişənin başlanmasına səbəb olaraq arvadın ona yemək hazırlayıb verməməsi göstərilib.

Mübahisə zamanı Əsəd əsəbiləşərək arvadına hücum edib və əl ilə, həmçinin yumruq zərbələri ilə onun baş, sinə və bel nahiyələrinə toxunub, nəticədə qadına xəsarətlər yetirilib.

Təqsirləndirilən şəxs izahatında rəsmi işdə işləmədiyini, 2016-cı ildə nikaha daxil olduqlarını və birgə iki övladlarının olduğunu bildirib. O, qeyd edib ki, hadisə günü təxminən saat 14:30-da evdə olarkən Gülnarı oyadıb və ondan yemək istəmiş, qadının “bir azdan verəcəyini” deməsinə görə əsəbiləşib və ona fiziki təsir göstərib.

Məhkəmə araşdırmaları zamanı tərəflər arasında barışıq əldə edildiyi məlum olub. Bunun nəticəsində zərərçəkmiş qadın ərinə qarşı şikayətini geri götürüb.

Abşeron Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsi nəzərə alınmaqla təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib və barəsindəki cinayət işi icraata xitam verilib.