Oğuz rayonunda 1988-ci ildən istifadəyə verilmiş şəhər stadionu uzun illərdir təmir olunmadığı üçün istismar üçün yararsız vəziyyətə düşüb.

Stadion hələ bəzi hallarda istifadə edilən olsa da, infrastruktur demək olar ki, tamamilə sıradan çıxıb. Ot örtüyü zədələnib, tribunalar və yardımçı tikililər baxımsızlıq nəticəsində dağılmış vəziyyətdədir.

Sakinlər bildirirlər ki, obyektin vəziyyəti onları qane etmir və hər il ot biçimi işlərini özləri həyata keçirirlər. "İndiki vəziyyət bizi qane etmir. Hər il otunu özümüz biçirik. Sovet dövründə stadion çox yaxşı vəziyyətdə idi. Kimsə sahib çıxsa, təmizlənib səliqəyə salınsa, çox gözəl olar", — bir sakin deyib.

Başqa bir sakin isə stadionun uzun müddətdir diqqətdən kənarda qaldığını vurğulayıb: "Əvvəllər burada hər cür şərait var idi. İndi bina dağılıb, tökülüb. Uzun illərdir bu vəziyyətdədir".