Oğuz rayonunda leysan yağışları nəticəsində dağ çaylarında suyun səviyyəsinin artması ilə əlaqədar olaraq sel və daşqın riskinə qarşı əməliyyatlar təşkil edilib.

Hadisəyə reaksiya olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazidə tədbirlər həyata keçirir. Bildirilib ki, avqustun 13-ü axşam baş verən yağışlar çaylarda suyun sürətlə qalxmasına səbəb olub və bu, yaşayış məntəqələri ilə əkin sahələri üçün təhlükə yaradıb.

İdarənin məlumatına görə, hal-hazırda Qalaçay sistemində 7 ədəd ağır texnika cəlb olunub. Texnika çayın axdığı və ən çox risk müşahidə olunan Yemişənli, Ərmənət, Dəymədərə və Xaçmaz kəndləri ərazilərində sel sularından müdafiə işləri aparır.

Eyni zamanda yaşayış məntəqələri və əkin sahələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çay yataqlarının tənzimlənməsi və daş-beton bəndlərinin təmiri işləri istismar tədbirləri planına uyğun şəkildə paralel davam etdirilir.