Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Arif son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb.

Arif qeyd edib ki, ölkələrimizin prezidentləri arasında keçirilən görüşlər və əldə olunan razılaşmalar ikitərəfli əlaqələrin möhkəmlənməsinə və yeni məzmun qazanmasına şərait yaradıb.

Sədrin sözlərinə görə, tarixi dostluq və qardaşlıq münasibətləri xüsusilə media sahəsindəki əməkdaşlıqla daha da güclənir. O bildirib ki, bu əməkdaşlıq iki xalq haqqında məlumatların daha dolğun və obyektiv çatdırılması baxımından əhəmiyyətlidir.

Özbək jurnalist həmçinin son illərdə jurnalistlər arasında qarşılıqlı səfərlərin, media turlarının və peşəkar tədbirlərin təşkil olunduğunu xatırladıb. Bu cür təşəbbüslər media nümayəndələrinin bir-birini yaxından tanımasına və ölkələr haqqında dolğun materialların hazırlanmasına imkan verir.

Arif əlavə edib ki, əlaqələrin davamlılığı üçün bu səfərlərin və birgə layihələrin sayı artmalıdır. Onun sözlərinə görə, Azərbaycan jurnalistlərinin Özbəkistana, Özbəkistan jurnalistlərinin isə Azərbaycana səfərlərinin artması xalqların bir-birini daha yaxşı tanımasına xidmət edər.

Sədr həmçinin media əməkdaşlığının yalnız xəbər mübadiləsi ilə məhdudlaşmadığını, eyni zamanda iki xalqın ortaq tarixi, mədəniyyəti və mənəvi dəyərlərinin geniş auditoriyaya çatdırılmasına imkan yaratdığını vurğulayıb.

Şöhrət Arif əlaqələrin güclənməsinin dostluğun möhkəmlənməsinə töhfə verəcəyini və media nümayəndələri arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə inandığını bildirib.

"Dostluğumuz və əməkdaşlığımız daha da möhkəmlənməlidir. Bunun üçün media nümayəndələrinin qarşılıqlı əlaqələri və birgə fəaliyyəti çox vacibdir", - deyə o əlavə edib.