Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə gücləndirilməsinin zəruri olduğunu vurğulayıb. Konkrət.az xəbər verir ki, o, Azərbaycanla sülh sazişinin imzalanmalı və ratifikasiya edilməli olduğunu diqqətə çatdırıb. Paşinyanın sözlərinə görə, dünyada baş verən hadisələr fonunda uzunmüddətli sülhün təminatı xüsusi önəm daşıyır.

“Bir daha qeyd edirəm: sülhün alternativini görmürəm. Bu fikiri Dünən Milli Məclisdə aparılan müzakirələr kontekstində deyirəm. Sülhün möhkəmləndirilməsi və institusional reallığa çevrilməsi Ermənistan Respublikasının baş naziri kimi mənim birinci, ikinci və üçüncü dərəcəli vəzifəmdir. Bu istiqamətdə ardıcıl və qətiyyətlə irəliləyəcəyik. Sülh dönməz və institusional olmalıdır”, – deyə Paşinyan bildirib.

O, beynəlxalq aləmdə baş verənlərin dünya nizamının dağıldığını göstərdiyini iştirakçı qismində qeyd edib. Paşinyana görə, belə bir dönəmdə Azərbaycanla sülh əldə edilməsi önəmli nailiyyətdir.

“Xoşbəxtlikdən bu dövrdə sülhə nail ola bildik. Ancaq üzərimizə düşən vəzifə iki illik sülhü 20 ilə, bir illik sülhü 200 ilə, 200 illik sülhü isə 400 illik və daha uzun müddətə çevirməkdir”, – deyə Paşinyan əlavə edib.