DİN-in kollegiya iclasında çıxış edən Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı qədirbilən mübarizənin davam etdirilməsini vurğulayıb. Nazir ayrıca narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdirilməsini, bu sahədə əməliyyat-axtarış tədbirlərinin və internet informasiya resursları üzərindən narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin artırılmasını tapşırıb.
Polis orqanlarının istintaq və təhqiqat qurumlarında fəaliyyətin təşkili məsələlərinə də toxunan nazir cinayət işlərinin hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasının, prosessual müddətlərə riayət olunmasının, vətəndaş müraciətlərinə həssas yanaşılmasının və ibtidai araşdırmanın keyfiyyətinin yüksəldilməsinin zəruriliyini diqqətə çatdırıb. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Müasir texnologiyaların tətbiqi və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsinin fəaliyyətin səmərəliliyinin artırılması, operativliyin təmin edilməsi və xidmətin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm rolunu qeyd edən Eyvazov, informasiya sistemlərindən səmərəli istifadənin və idarəetmə proseslərinin təkmilləşdirilməsinin davam etdirilməsini vacib hesab edib.
İlin sonuna az müddət qaldığını xatırladan general-polkovnik əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, icra intizamının gücləndirilməsi və müasir texnologiyaların fəaliyyətdə daha geniş tətbiqi üçün təşəbbüslərin artırılması üzrə konkret tapşırıqlar verib. Eyni zamanda bütün qüvvə və imkanların qarşıda duran vəzifələrin yerinə yetirilməsinə səfərbər olunmasının zəruriliyini bildirib.