Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026–2031-ci illər proqramunu təqdim edərkən TRIPP layihəsi çərçivəsində inşa olunacaq dəmir yolunun marşrutunu açıqlayıb.

Paşinyanın açıqlamasına görə, dəmir yolu cənub hissədə Sovet dövründən mövcud olan və ölkəyə tanış olan köhnə xətt boyunca salınacaq. Xüsusi olaraq xəttin Araz çayı sahili boyunca, Nrnadzordan Ağaraka gedən istiqamətdə yerləşəcəyi vurğulanıb.

O, həmin xəttin Azərbaycan ərazisindən keçməklə Ermənistanı Rusiya və Mərkəzi Asiya ölkələri ilə birləşdirəcəyini bildirib. Paşinyan qeyd edib ki, Ağarakdan yük qatarları Naxçıvana doğru hərəkət edəcək.

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti ilə keçirilən üçtərəfli görüş nəticəsində Azərbaycanın və Ermənistanın liderləri arasında Bakı ilə İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılmasına dair birgə bəyannamə imzalanıb. Bu təşəbbüs "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) adlandırılıb.

TRIPP layihəsi Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin formalaşdırılmasını nəzərdə tutur. Layihə iqtisadi məqsədli olub, onun tərkibinə dəmir yolu ilə yanaşı avtomobil magistralı, neft və qaz kəmərləri və fiber-optik rabitə xətləri daxil edilir.

Plan üzrə layihə hərbi komponentdən azaddır və Ermənistan qanunvericiliyinə uyğun şəkildə ABŞ şirkəti tərəfindən icra olunacaq. Birləşmiş Ştatlar infrastrukturun inkişafı və təhlükəsiz istismarına cavabdeh olacaq beynəlxalq konsorsiuma müəyyən sahələri subicarəyə vermək imkanları ilə birlikdə layihənin icrası üçün 99 ilə qədər eksklüziv hüquqlar əldə edəcək.