Rusiya Prezidenti Vladimir Putin cəbhədən geri dönəcək hərbçilərin gələcəkdə işlə təmin olunması məsələsinə dair fikirlər səsləndirib. Liderin bəyanatı ölkə daxilində geniş narahatlıqlara səbəb olub və yeni sosial çətinliklərin ortaya çıxa biləcəyinə işarə edir.

Putin açıq şəkildə bildirib ki, hakimiyyət bu prosesə əvvəlcədən hazırlaşmalı və geri dönən minlərlə insanın məşğulluq problemini həll etməlidir. Dövlət rəsmilərinin bu çağırışı, əməliyyat bölgəsindən dönəcək şəxslərin reinteqrasiyasına dair planların zəruriliyini vurğulayır.

İqtisadçı ekspert Əli Cabbarov məsələyə münasibət bildirərək bildirib ki, bu kütlənin sosial adaptasiyası və iqtisadi sistemə inteqrasiyası Rusiyanın yaxın gələcək üçün ən ciddi problemlərindən birinə çevrilə bilər. O qeyd edib:

"Putinin narahatlığı təsadüfi deyil. Söhbət hərbi əməliyyat zonasından əllərində silah, psixoloji gərginlik və yüksək ambisiyalarla qayıdacaq yüz minlərlə insandan gedir. Onların əksəriyyəti müqavilə əsasında orduya yazılanlar və aralarında müəyyən kriminal keçmişi olan şəxslərdir. İqtisadi böhran və sanksiyalar fonunda iş yerlərinin məhdud olduğu Rusiyada bu qədər insanın cəmiyyətə adaptasiyası dövlət büdcəsinə və daxili təhlükəsizliyə ağır yük olacaq."

Cabbarov əlavə edib ki, hakimiyyət vaxtında qabaqlayıcı tədbirlər görməsə, nəticələr kəskin ola bilər: "Hərbçilərin cəbhədən qayıdışı təkcə məşğulluq məsələsi deyil, həm də dərin sosial-psixoloji problemdir. Müharibə görmüş, cəmiyyət həyatından uzaqlaşmış bu kütlənin yenidən dinc həyata uyğunlaşması böyük maliyyə və dövlət resursları tələb edir. Əgər Rusiya iqtisadiyyatı onları işlə və lazımi sosial təminatla əhatə edə bilməsə, Kremlin başı məhz həmin daxili təhdidlərlə ciddi şəkildə dərdə girəcək."

Mütəxəssislər bildirirlər ki, bu sahədə effektiv proqramlar olmadan sosial gərginliyin artması, cinayətkar qrupların güclənməsi və ictimai sabitliyin pozulması riski artır. Rusiya üçün geri dönən hərbçilərin məşğulluğu və psixososial dəstəyi həm iqtisadi, həm də təhlükəsizlik baxımından prioritet məsələ hesab olunur.

Rəsmi qurumlar və ekspert dairələri yaxın aylarda uyğun siyasət və proqramların hazırlanmasına çağırır, çünki problemin genişmiqyaslı həlli vaxt və resurs tələb edir.