Bakının Qaradağ rayonunda bir ailənin yaşadığı mənzildə baş verən mübahisə cinayət məsuliyyəti ilə nəticələnib.

Hadisədə Qobustan rayonundan olan, 1975-ci il təvəllüdlü Telman və arvadı Şövkət arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. İstintaq materiallarına əsasən, mübahisə zamanı Telman arvadının sifətinə yumruqla zərbə endirib və ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı ona qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə ittiham tərtib olunub. Məhkəmədə ifadə verən Telman ittihamı qəbul edib, əməlindən peşman olduğunu bildirib və zərərçəkmişlə barışdığını söyləyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkən ona qarşı hər hansı şikayət və tələbi yoxdur və ona dəymiş zərəri tam ödəyib.

Qaradağ Rayon Məhkəməsi bu məlumatları əsas götürərək Telman barəsindəki cinayət təqibini xitamlayıb və onu cinayət məsuliyyətindən azad edib.