Azərbaycan vətəndaşı Tahir Əskərov Aydın oğlu Qazaxıstandan ekstradisiya edilərək ölkəyə gətirilib.

Baş Prokurorluqdan bildirilib ki, Qazaxıstanın səlahiyyətli orqanlarına göndərilən ekstradisiya sorğusu və tələb olunan sənədlərin təqdim olunması əsasında aparılan danışıqlar nəticəsində onun təhvil verilməsi barədə razılıq əldə edilib.

Əskərov barəsində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində apardığı ibtidai istintaq çərçivəsində ona qarşı satış məqsədilə külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olmuş şəxslərlə birlikdə gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış materiallar əsasında 25 fevral 2026-cı il tarixdə ona Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub.

İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakıdakı İnterpol Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilmişdi. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Əskərov Qazaxıstan ərazisində müəyyən edilərək həbs olunub.

Ekstradisiya prosedurları tamamlandıqdan sonra o, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycana gətirilərək istintaq orqanına təhvil verilib.

Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycanın yurisdiksiyasına qaytarılması istiqamətində xarici tərəfdaşlarla, o cümlədən İnterpol ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.