28 yaşlı Şəhla Muxtar qızı Quliyeva qeysəriyyə əməliyyatı keçirəndən sonra komaya düşərək vəfat edib. O, əməliyyatdan sonra 20 gün komada qalmışdı.

Məlumatlara görə, əməliyyatdan sonra xəstənin beyninə qan sızıb və onun həyatını xilas etmək mümkün olmayıb. Yeni doğulmuş uşağın vəziyyəti normal olduğu bildirilib.

Ş.Quliyeva "Azərbaycan Supermarket" MMC-də təchizat üzrə mütəxəssis vəzifəsində işləyirmiş.

Xəstənin yaxınları mətbuata müraciət edərək əməliyyatdan sonrakı kəskin vəziyyətin yaranmasına görə Baku Medical Plaza-nın ginekoloqu Təravət Hümbətovanı ittiham ediblər. Ailənin bildirdiyinə görə, əməliyyatdan təxminən 20 saat sonra xəstənin təzyiqi kəskin yüksələrək 200-dən yuxarı qalxıb və bunun nəticəsində beyninə güclü qan sızması baş verib; qan beyin kötüyünü ciddi şəkildə zədələyib və sonradan xəstəyə beyin ölümü diaqnozu qoyulub.

Tibb müəssisəsinin açıqlamasında qeyd olunub ki, Ş.Quliyeva hamiləliyinin 22-ci həftəsində klinikaya müraciət edib və aparılan müayinələrə əsasən onun hamiləliyi tibbi nəzarətə götürülüb. İyulun 28-də tibbi göstərişlər və tətbiq olunan klinik protokollar çərçivəsində qeysəriyyə əməliyyatı icra olunub.

Əməliyyatdan sonrakı dövrdə pasiyentin qəfil başlayan güclü başağrısı və qıcolma tutmaları müşahidə olunub. Geniş müayinələr nəticəsində ona III dərəcəli mitral qapaq çatışmazlığı diaqnozu qoyulub və vəziyyətin qiymətləndirilməsi üçün həkimlərdən ibarət konsilium çağırılıb. Konsiliumin rəyinə əsasən, hazırkı klinik vəziyyət cərrahi müdaxilə üçün uyğun hesab edilməyib.

Müəssisənin bildirdiyinə görə, xəstənin müalicəsi Reanimasiya şöbəsində multidissiplinar tibbi heyətin nəzarəti altında davam etdirilib. Yenidoğulmuşun vəziyyəti stabildir və müvafiq tibbi nəzarət altındadır.