Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində sərnişin avtomobilləri və yük nəqliyyat vasitələri arasında sıxlıq davam edir; hazırda 1 030 avtomobil buraxılış üçün növbədədir.

Gömrük-sərhəd buraxılış məntəqələri üzrə çıxışda canlı növbədə olan yük maşınlarının statistikası göstərir ki, Azərbaycan-Rusiya sərhədindəki “Samur” postunda 47, Azərbaycan-İran sərhədindəki “Astara” postunda isə 37 yük maşını gözləyir.

Digər tərəfdən, “Xanoba”, “Mazımqara” və “Biləsuvar” gömrük məntəqələrində hazırda növbədə avtomobil qeydə alınmayıb.

Gürcüstan tərəfində, Marneuli istiqamətində yüzlərlə TIR-ın növbə gözlədiyi və bu növbənin bir neçə kilometrə qədər uzandığı bildirilir. Nəticədə Azərbaycan tərəfində də yük avtomobillərinin hərəkətində məhdudiyyətlər yaranır.

Sıxlıq regionun əsas yük marşrutlarından biri olan “Qırmızı Körpü”dən keçən gündəlik yük axınına təsir edir; məntəqənin Gürcüstan tərəfində son günlər TIR-ların yerdəyişməsində sıxlaşma müşahidə olunur.

Sürücülər bildirirlər ki, sərhəddə uzun müddət gözləmək daşınan mallara əlavə risk yaradır və daşımalarda xərclərin artmasına səbəb olur. Həmin sürücülərdən biri, Hasan Sarısoy deyir ki, Gürcüstan ərazisində parka daxil olmaq üçün üç gün, parkda isə əlavə dörd gün gözləyiblər və Azərbaycana girişdə ciddi problemlə üzləşiblər: “Azərbaycana girişdə çox problem var. Səbəbini soruşanda deyirlər ki, Gürcüstan tərəfi işləmir”.

Başqa bir sürücü, Əli Əyrica, uzun növbələrə görə günlərinin böyük hissəsini yollarda keçirdiyini qeyd edib. Bəzi sürücülər sıxlığın səbəbi kimi Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik tədbirlərinin güclənməsini və nəqliyyat axınının Gürcüstan marşrutuna yönəlməsini göstərirlər.

35 ildir ölkəyə gələn sürücü Hüseyn Yanık vəziyyəti qeyri-adi hesab edir və bildirir ki, əvvəllər belə çətinlik olmayıb: “35 ildir ki, Azərbaycana gəlib-gedirəm. Bu qədər çətinlik bu zamana qədər olmamışdı. Bunun bir neçə səbəbi var. Birinci səbəbi də Ukrayna müharibəsidir. Dənizdəki gəmilər TIR-ları daşıya bilmirlər. Ona görə də bu tərəfdə sıxlıq yaranıb. Sıxlıq olduğu halda dövlətlərin təhlükəsizlik tədbirləri görməsi gündəmə gəlir. Bundan bir il əvvəl 100 maşın gəlirdisə, indi 500-1000 maşın gəlir”.

Sürücü Məhəmməd Çaylı isə yük daşıyanların Gürcüstan tərəfində ağır şəraitlə üzləşdiyini və mövcud sıxlığın digər keçid məntəqələrinə yönləndirməklə aradan qaldırıla biləcəyini bildirir: “Bura yük gətirmişik. Biz Gürcüstan tərəfində olmazın əziyyətini çəkirik. Yol qırağında o qədər park var, amma 20 kilometr maşın tıxacı yaranıb. Əgər göndərə bilmirlərsə, başqa qapılara yönəltsinlər bizi”.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərliyi arasında yaranmış sıxlığın aradan qaldırılması və sərhədkeçmə proseslərinin sürətləndirilməsi məsələsi müzakirə edilib və zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.