“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu xaricə səfəri zamanı tibbi yardıma ehtiyac yarandığını və sığorta şirkətinin xidmətindən narazı qaldığını bildirib.
O yazıb ki, illərdir ABB tətbiqi vasitəsilə Atəşgah Sığortanın 22 manatlıq premium səfər sığortasını alır və indiyədək ondan istifadə etməyə ehtiyacı olmayıb.
Son səfərinin Bakıya qayıtdığı gün yüngül başgicəllənmə hiss edən Arifoğlu həkimlərlə məsləhətləşdikdən sonra uçuşdan əvvəl müayinədən keçmək qərarına gələrək sığorta şirkətinə müraciət edib.
Müraciətdən təxminən iki saat sonra onu hotelindən 65 dəqiqəlik məsafədə yerləşən xəstəxanaya yönləndiriblər. Həmin tibb müəssisəsində MRT aparatının olmadığını öyrəndikdən sonra o, hotelə təxminən 2 kilometr məsafədə yerləşən daha yüksək səviyyəli klinikaya göndərilməsini xahiş edib.
Arifoğlu yazışmaların əsasən ingilis, rus və bəzi hallarda türk dillərində aparıldığını qeyd edib. Daha bir saat keçdikdən sonra özünə güvənib təyyarə saatına yetişmək üçün hərəkət etməyə qərar verib; hava limanına çatanda isə sığorta şirkətindən istədiyi şəhərdəki istədiyi klinikada onu gözləyəcəkləri bildirilib. Bu vaxt ilk müraciətindən artıq dörd saat keçmiş və təyyarənin qapısı bağlanmışdı.
Jurnalist Bakıya problemsiz qayıtdığını və daha sonra müayinədən keçərək ciddi problem aşkar edilmədiyini vurğulayıb.
O, əldə etdiyi təcrübəyə əsaslanaraq Atəşgah Sığortaya xaricdə tibbi yardıma tam etibar edə bilməyəcəyini belə ifadə edib: “Bu prosesdə anladım ki, bizim sığorta şirkətlərinə, ən azı, Atəşgaha arxayın olub, xaricdə xəstələnmək olmaz”.