Şəmkir rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin faciəli nəticələri hər bir sürücü üçün ciddi dərs sayılmalıdır, deyə Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib.

O, vurğulayıb ki, baş vermiş hadisələrin nəticələrini artıq geri qaytarmaq mümkün deyil, lakin oxşar fəlakətlərin təkrarlanmaması üçün yol hərəkətinin bütün iştirakçıları çıxarılan nəticələrə əməl etməlidir.

Tağıyev diqqətə çatdırıb ki, yolda ehtiyatsızlıq və riskli davranış yalnız qayda pozuntusu ilə məhdudlaşmır; sükan arxasında verilən qərarlar insanların həyatı və təhlükəsizliyinə birbaşa təsir göstərir.

O, yol hərəkəti qaydalarını sadəcə cərimədən və məsuliyyətdən qorxaraq deyil, öz və başqalarının həyatını qorumaq məqsədilə tətbiq etməyin vacibliyini qeyd edib. Sürücülər yola çıxarkən qəbul etdikləri qərarların mümkün nəticələrini nəzərə almalı, təhlükəni öncədən qiymətləndirməli və davranışlarını mövcud yol şəraitinə uyğun tənzimləməlidirlər.

İdarə rəisinin sözlərinə görə, bu məsələlər yalnız faciə baş verdikdən sonra deyil, hər yol səfərinə çıxarkən düşünülməlidir.

Qeyd edək ki, ötən gün Şəmkirdə "VAZ 2106" və "KIA" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.