Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayev vəzifəsindən istefa edib. O, bu qərarı özü sosial şəbəkə hesabında açıqlayıb.

Avqustun 17-də Azərbaycan Baş Prokurorluğu terror çağırışları ilə əlaqəli olaraq üç Rusiya vətəndaşının beynəlxalq axtarışa verildiyini bildirib. Axtarışa verilən şəxslər arasında telekanal aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev, özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov və televiziya jurnalisti kimi fəaliyyət göstərən Aleksey Aleksandroviç Çadayev yer alır.

Baş Prokurorluğun açıqlamasına görə, onlara qarşı Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış, ərazi bütövlüyünün pozulması, milli nifrət və düşmənçiliyin qızışdırılması və terrora açıq çağırış üzrə cinayət işi başlanıb və ilkin istintaq davam edir.

18 avqust səhəri Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya səfiri Mixail Yevdokimovu qəbul edərək, həmin ölkənin kütləvi informasiya vasitələrində Azərbaycan xalqına və rəhbərliyinə qarşı yönələn təxribatçı açıqlamalara rəsmi etirazını çatdırıb.