Rusiya hüquq-mühafizə orqanları 15 yaşlı yeniyetməni dəmir yolunda terror aktı törətməkdə şübhəli bilinərək saxlayıblar.
Hadisə ilə bağlı məlumatı Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat üzrə İstintaq İdarəsinin mətbuat xidməti yayıb. İdarənin açıqlamasına görə, yeniyetmə avqustun 14-ü axşam saatlarında Sankt-Peterburqun Kalininski rayonu ərazisindəki Ruçi dəmir yolu stansiyasına gedib.
İstintaq bildirir ki, şübhəli yanıcı maye və alışdırıcı alət götürərək həmin stansiyadakı transformator yarımstansiyasını yandırıb. Məlumata görə, o, əmri Telegram messencerində onunla əlaqə saxlayan bir şəxsdən alıb.
Saxlama əməliyyatı polis, Federal Təhlükəsizlik Xidməti və Milli Qvardiyanın birlikdə keçirdiyi əməliyyat nəticəsində həyata keçirilib. Məhkəmə qərarı ilə yeniyetmə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq hazırda hadisənin bütün detallarını, o cümlədən törətmə səbəbləri və şəraitini müəyyən etmək üçün araşdırmalar aparır.