Baş Prokurorluq bildirib ki, beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək.

Məlumatda qeyd olunur ki, ekstradisiya Baş Prokurorluğun vəsatətinə əsasən, 07.10.2002-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaq aparılan cinayət işi üzrə Nahid Rasim oğlu Əlicanlının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi (hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmə) ilə nəzərdə tutulmuş əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib və o, təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaqdan yayınaraq gizləndiyi üçün Əlicanlı beynəlxalq axtarışa verilib. Hazırda onun Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.