Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyi görüşdə son dövrlər Rusiya mediasında və informasiya məkanında Azərbaycan, onun vətəndaşları və ölkə rəhbərliyi barədə səsləndirilən təxribatçı, təhqiredici və təhdid xarakterli ifadələrlə bağlı ciddi narahatlığın və kəskin etirazın bildirildiyini qeyd edib.

Nazirlik həmçinin xüsusilə 13 avqust 2026-cı il tarixində yayımlanan "Çistota ponimaniya" layihəsi çərçivəsindəki verilişdə Azərbaycan və onun rəhbərliyinə qarşı səslənən ifadələrə diqqət çəkildiyini bildirib.

Bildirilib ki, 7 avqust tarixində "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin "Rusiyanın terrorçu və ekstremistlər siyahısına" salınması ilə bağlı iddialar, 9 avqust tarixində "YouTube" platformasında, eləcə də 16 avqustda "Spas" telekanalında yayımlanan təhqiredici materiallar xatırlanıb və bu cür çağırışların qəbuledilməz olduğu vurğulanıb.

Görüşdə həmçinin Azərbaycanın daxili siyasi işlərinə müdaxilə imkanlarının müzakirə edilməsinin, habelə Azərbaycan xalqına və rəhbərliyinə qarşı zorakılığa çağırışların səsləndirilməsinin yolverilməz olduğu bildirilib.

Nazirlik tərəfinin dəfələrlə oxşar halların qarşısının alınması barədə çağırışları və məsələni müxtəlif siyasi kanallarda müzakirə etməsinə baxmayaraq, həmin ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq yaratdığı qeyd edilib.

Azərbaycan tərəfinin gözləntisi kimi, Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması üçün dərhal və effektiv tədbirlərin həyata keçirilməsi tələb olunub.

Baş Prokurorluq avqustun 17-də bir sıra Rusiya vətəndaşları barəsində İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkil edilməsi ilə bağlı zəruri tədbirlərin görüldüyünü açıqlayıb. Söhbət "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev, özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov və həmçinin televiziya müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevdən gedir.

Qeyd edilir ki, həmin şəxslər Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin aşılanmasına və terrorçuluğa açıq çağırışlarda ittiham edilirlər. Onlar ölkə xaricində olduqları üçün barələrində axtarış elan edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq tərəfindən vurğulanıb ki, 2026-cı ilin iyulun 14-ü və avqustun 13-də "YouTube" platformasında "Семён Уралов" kanalında yayımlanan "Чистота понимания" verilişində həmin şəxslərin Azərbaycana qarşı zorakı üsulların tətbiqi, müəyyən şəxslərin ünvanlı həddə fiziki olaraq məhv edilməsinə dair fikirlər səsləndirdikləri və terrorçuluğa çağırış etdikləri iddia olunur.