Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Kərimbəyli kəndində sakinlərlə səyyar qəbul keçirib. Görüşdə vətəndaşların təklif və müraciətləri, həmçinin mövcud problemlər yerindəcə dinlənilib.

RİH başçısı Prezident İlham Əliyevin tapşırıqlarının icrası və əhalinin problemlərinin operativ həlli məqsədilə belə səyyar görüşlərin əhəmiyyətini vurğulayıb və onların davamlı olacağını bildirib.

Qəbul zamanı rayon rəhbəri ərazidə aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə sakinlərə məlumat verib. Eyni zamanda qarşıda duran vəzifələrə dair məlumatlar paylaşılıb.

Rüstəm Xəlilov vətəndaşların səsləndirdiyi məsələləri diqqətlə dinləyərək aidiyyəti orqanların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli qısa müddətdə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürülməsi tələb edilib.

RİH başçısı vətəndaş məmnunluğunun dövlət orqanlarının fəaliyyətində prioritet olduğunu qeyd edib və bildirilib ki, nəzarətə götürülmüş müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar zəruri tədbirlər görəcək.