Sabirabad rayonunda avtoqəza nəticəsində dörd nəfər xəsarət alıb. Hadisə 2026-cı il avqustun 17-də Hacıqabul–Bəhrəmtəpə–Mincivan yolunun Sabirabad hissəsində baş verib.

Qəza zamanı KIA və Opel markalı minik avtomobilləri toqquşub. Yaralanan şəxslər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) yerləşdiriliblər.

Məlumata görə, dörd xəsarət alan avqustun 17-si saat 14:50-də ŞMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.

Üç yaralının zəruri tibbi yardımı göstərildikdən sonra ambulator müalicə üçün evə buraxıldığı bildirilib. Hazırda bir nəfərin instrumental diaqnostikası davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.