Bakının Sabunçu rayonunda iki nəfər arasında baş vermiş mübahisə cinayət işi ilə nəticələnib.

Hadisə Sabunçu qəsəbəsi, Şəhər şossesində qeydə alınıb. Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Asimlə onun dostu və tanışı Hümbət arasında mübahisə yaranıb.

Məlumata görə, Asim Hümbətin kobud davranışı və nalayiq ifadələrinə reaksiya olaraq aralarında baş verən münaqişə zamanı bir dəfə Hümbətin üz nahiyəsinə əl ilə zərbə endirib və ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Fakt üzrə Asimə Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə ittiham verilib. İstintaq çərçivəsində verdiyi izahatda o, ittihamı qəbul edib, zərərçəkmiş şəxslə barışdığını və Hümbətin ona qarşı şikayətinin və tələbinin olmadığını bildirib. Zərərçəkmiş də bu açıqlamaları təsdiqləyib.

Sabunçu Rayon Məhkəməsi qərar verərək Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib və onun barəsində cinayət təqibini xitam etdirib.