Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi rəqəmsal mühitdə kiberdələduzluq hallarının qarşısının alınması məqsədilə əməliyyatlar keçirib.

Aparılan yoxlamalar nəticəsində sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual oxşar saxta səhifələr hazırlayan Elcan Cəfərov müəyyən edilib və saxlanılıb.

Məlum olub ki, E. Cəfərov saxta səhifələri daha çox şəxsi cəlb etmək üçün sosial şəbəkələrdə və "WhatsApp" qruplarında reklam edib. Saxta səhifəyə daxil olan istifadəçilərdən kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, son istifadə tarixi, CVV və OTP kimi təhlükəsizlik kodları tələb olunub.

Vətəndaşlar həmin məlumatları təqdim etdikdən sonra şübhəli şəxsin bank kartlarındakı vəsaitləri başqa şəxslərə məxsus hesablara köçürərək nağdlaşdırdığı müəyyən edilib. Bu faktla əlaqədar Baş İdarədə cinayət işi başlanıb.

E. Cəfərov cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Vətəndaşlara tövsiyə olunur ki, sosial şəbəkələrdə qarşılarına çıxan kredit elanları və digər reklam xarakterli məlumatların doğruluğunu yoxlasınlar, xidmət göstərən qurumun qanuni fəaliyyət göstərib-göstərmədiyini əvvəlcədən dəqiqləşdirsinlər. Bank kartının məlumatlarını, xüsusilə CVV/CVC və SMS vasitəsilə göndərilən OTP kodlarını tanımadıqları şəxslərə və şübhəli internet səhifələrinə heç vaxt təqdim etməsinlər.

Həmçinin qeyd edilir ki, banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PIN-kod, CVV/CVC və OTP kimi məxfi məlumatları tələb etmirlər. Belə hallarla qarşılaşdıqda və ya kiberdələduzluqla bağlı şübhə yaranarsa, dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.