Mədəniyyət nazirinin müavini Səadət Yusifova Ahıska türklərinin tarixi, sürgün və deportasiya faciəsi, eləcə də onların mədəni irsi və tarixi yaddaşının qorunmasının həsr olunduğu sərginin insan taleyi və milli yaddaşın ifadəsi olduğunu bildirib.

Nazir müavini çıxışında sərginin əvvəlcə İstanbul Atatürk Mədəniyyət Mərkəzində təqdim edildiyini, indi isə Milli Azərbaycan Tarixi Muzeyində nümayiş etdirilməsinin böyük mənəvi önəm kəsb etdiyini vurğulayıb.

“Ahıska türklərinin taleyi XX əsrin ən ağır deportasiya və sürgün faciələrindən biridir. 1944-cü ilin noyabrında Sovet hakimiyyəti dövründə on minlərlə Ahıska türkü doğma torpaqlarından deportasiya edildi. İnsanlar bir gecədə evlərindən və tarixi məkanlarından köçürüldü. Sürgün yolu və sonrakı illərdə minlərlə insan həyatını itirdi. Ailələr parçalandı, nəsillərin yaddaşında silinməz izlər qaldı”, — deyə o bildirib.

Səadət Yusifova əlavə edib ki, bu ağrı Azərbaycan xalqı üçün də tanışdır, çünki ölkə ötən əsrdə dəfələrlə zorla köçürülmə və etnik təmizləmə ilə üzləşib. O, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-dən azərbaycanlıların Kür-Araz ovalığına köçürülməsi qərarını və bunun nəticələrini xatırladıb.

Nazir müavini qeyd edib ki, bu köçürülmə prosesi minlərlə insanın həyatına son qoyub, ailələrə və nəsillərə böyük mənəvi və fiziki iztirablar yaşadıb. Həmçinin 1988–1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası nəticəsində yüz minlərlə soydaşın torpaqlarını tərk etmək məcburiyyətində qaldığını bildirib.

O vurğulayıb ki, deportasiyalar nəticəsində azərbaycanlılar indiki Ermənistan ərazisindən, min illər boyu yaşadıqları tarixi torpaqlardan didərgin salınıb və kütləvi qətl və qırğınlarla üzləşiblər.

“Milli yaddaşımızın ayrılmaz hissəsi olan tarixi-mədəni abidələr və yaşayış məskənləri dağıdılıb, viran edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğal siyasəti nəticəsində yüz minlərlə vətəndaşımız doğma yurdlarından didərgin salındı, şəhər və kəndlər dağıdıldı, mədəni irsimiz məhv edildi və talan olundu”, — Səadət Yusifova fikrini tamamlayıb.