Son günlər bəzi istehlakçılar “Halal Nemət, Min Bərəkət” brendinə aid “Pendirli Manqalüstü” sosisi ilə bağlı narahatlıqlarını bildiriblər. Bu şikayətə cavab olaraq məhsulun istehsalçısı açıqlama yayıb.
İstehsalçı qeyd edib ki, sosisdə istifadə olunan holland pendiri Almaniyanın GAUDINA markasına aiddir və yüksək keyfiyyət göstəricilərinə malikdir. Firma pendirin istehsal prosesində əriməsinin normal olduğunu vurğulayıb və bunun temperaturun yüksəlməsi ilə əlaqəli texnoloji proses olduğunu izah edib.
Açıqlamada məhsulun istehsal mərhələləri təsvir edilib: əvvəlcə 45 dəqiqə qurudulma, sonrakı mərhələdə 30 dəqiqə hisə verilməsi, daha sonra 75 dərəcə temperaturda 1 saat buxarda bişirmə və sobanın temperaturu 80 dərəcəyə çatdıqda məhsulun sobadan çıxarılması proseduru tətbiq olunur.
Sosisin tərkibi haqqında bildirilib ki, məhsul mal əti, toyuq filesi, təbii süd, holland pendiri, yumurta, kərə yağı, bitki yağları (günəbaxan və qarğıdalı), nişasta, xörək duzu, natrium nitrit, kompleks qida əlavələri (E-450, E-621, E-316) və qarışıq ədviyyat ekstraktından ibarətdir. Həmin pendirin məhsuldakı payının 12 faiz təşkil etdiyi vurğulanıb.
İstehsalçı həmçinin bildirib ki, bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun yoxlanılır və müəssisənin ISO 17025 beynəlxalq standartına uyğun akkreditə olunmuş laboratoriyasında analizlər aparıldıqdan sonra satışa buraxılır.