“Sevgi evi” Qadın və Uşaq sığınacağının rəhbəri Könül Qasımova barəsində həbs qətimkan tədbiri tətbiq olunub.

Xətai Rayon Məhkəməsi ötən ay qərar verərək ona üç ay müddətinə həbs seçib.

Könül Qasımova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü və 133.2.6-cı maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrə görə ittihamlar iki və ya daha çox şəxsə qarşı, girov və ya oğurlanmış şəxslərə qarşı və sifarişlə törədildikdə, qabaqcadan əlbir olan qrup və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, aşkar surətdə yetkinlik yaşına çatmayan və köməksiz şəxslərə qarşı və işgəncə vermə vasitəsilə törədilmə hallarını əhatə edir.

Qeyd olunub ki, 3 il əvvəl də Könül Qasımova Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə ittiham edilərək məhkəmə qarşısına çıxarılıb və Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

O zaman qanunvericiliyə uyğun olaraq təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladın olması səbəbindən ananın cəzasının icrası övlad 14 yaşına çatana qədər təxirə salınmışdı. Hazırkı prosesdə isə həmin əməllərin davam etdiyi əsas gətirilərək ona yenidən həbs qətimkan tədbiri seçilib.