“Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova həbs edilib.
Xətai Rayon Məhkəməsi ötən ay verdiyi qərarla onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri tətbiq edib.
Qasımova qarşı Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan və ya köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri üzrə ittihamlar irəli sürülüb.
Qeyd edilir ki, üç il əvvəl də Qasımova haqqında 133-cü maddə (əzab vermə) üzrə icraat aparılmış və Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona iki il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
O zaman qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladın olması səbəbindən qadının cəzasının icrası övlad 14 yaşına çatana qədər təxirə salınıb.
Məhkəmə materiallarına görə, həmin əməllərə son qoyulmadığı üçün bu dəfə barəsində həbs qətimkan tədbiri seçilib.