Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli seysmologiya sahəsində aparılan işlərlə bağlı açıqlama verib.
Yetirmişli bəzi şəxslərin seysmoloq kimi təqdim olunaraq yanlış açıqlamalar verdiyini bildirərək, bu cür bəyanatlar sonrası bütün sualların mərkəz tərəfindən cavablandırılması məcburiyyətinin yarandığını qeyd edib.
O, konkret olaraq Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevin adını çəkərək onun geofizika və seysmologiya üzrə səlahiyyətli olmadığını vurğulayıb və qarşı tərəfin ixtisasını, apardığı tədqiqatları sual altına alıb. Yetirmişli real seysmoloji tədqiqatların kabinet şəraitində aparılmadığını ifadə edib.
Baş direktor seysmologiya və geofizikanın ayrı-ayrı ixtisaslar olduğunu, bəzi diplomların geoloji və faydalı qazıntıların axtarışı istiqamətində verildiyini söyləyib və seysmoloqların özünəməxsus peşəkar sahələri olduğunu xatırladıb.
O, mərkəzdə aparılan işləri kabinet mülahizələri ilə müqayisə edərək seysmik tomoqrafiya, sürət modellərinin qurulması, spektr və dalğa ayrılması kimi çətin texniki məsələlərin həyata keçirildiyini vurğulayıb. Yetirmişli həmçinin real materiallarla davamlı iş aparıldığını, bunun gecə-gündüz davam etdiyini qeyd edib.
Q. Yetirmişli həmkarının öz ixtisasından kənara çıxaraq qeyri-peşakar davranış göstərdiyini söyləyib və həmin şəxsdən ixtisasını genişləndirməsini, öz işi ilə məşğul olmasını tövsiyə edib. O, elmi nüfuzlu şəxslərin yalnız apardıqları tədqiqatların nəticələrindən danışmalı olduğunu vurğulayıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi də dərc olunacaq.