Azərbaycanın şimal və qərb bölgələrində qeyri-sabit, leysan xarakterli yağıntılar, hava temperaturunun azalması və güclü şimal-qərb küləyi kənd təsərrüfatında müəyyən problemlər yarada bilər. Bu şərtlərin aqrar rayonlarda məhsulun inkişafına və yığım vaxtına təsiri müşahidə olunur.

Meteoroloji vəziyyətin təsiri xüsusilə Şəmkir, Gədəbəy, Quba və Xaçmaz rayonlarında daha qabarıq görünür. Fermerlər üçün əlverişsiz hava şəraiti tərəvəz və kartof yığımını ləngidə, şimalda isə erkən yetişən meyvələrin toplanmasının gecikməsinə səbəb ola bilər.

Ekspert Cavid Hüseynov bildirmişdir ki, lokal xarakterli dolu ehtimalı və saniyədə 14–20 metr sürətlə əsən şimal-qərb küləyi sarı xəbərdarlıq səviyyəsinə uyğun olaraq meyvə bağlarında budaqların qırılmasına və yetişmiş meyvələrin tökülməsinə gətirib çıxara, bununla da məhsulun əmtəəlik keyfiyyətini aşağı sala bilər.

Yüksək rütubət və nisbətən sərin hava patogen göbələklər və bakteriyalar üçün əlverişli şərait yaradır. Pomidor, bibər və kartof əkinlərində fitoftoroz və alternarioz kimi xəstəliklərin yayılma riski artır, eləcə də çəyirdəkli və tumlu meyvə bağlarında monilioz (çürümə) və unlu şeh xəstəliklərinin arealı genişlənə bilər.

Dağlıq və dağətəyi çay hövzələrində, xüsusilə Böyük və Kiçik Qafqaz mənbəli çaylarda sululuğun kəskin artması lokal sel dalğalarına səbəb ola bilər. Nəticədə dağətəyi ərazilərdə üst münbit torpaq qatının yuyulması (eroziya) və bəzi subasar sahələrdə əkinlərin lil altında qalması ehtimalı mövcuddur.

Eyni zamanda, ekspert qeyd edib ki, yağıntıların yalnız mənfi təsiri yoxdur: çayların su rejiminin tənzimlənməsi, suvarma kanallarında və regional su anbarlarında su ehtiyatlarının artması payız-qış üçün quraqlıq riskini azaltmağa kömək edir. Torpağın dərin qatlarında rütubət yığılması isə payızlıq dənli bitkilərin səpini üçün şumlama işlərini asanlaşdırır və gələcək cücərmə faizi üçün şərait yaradır.

Fermerlərə tövsiyə olunur ki, yağıntı arası qısa fasilələrdən istifadə edərək sahələrdə profilaktik məqsədlə funqisidlərlə müntəzəm çiləmə işləri aparsınlar. Həmçinin sahə ətrafındakı kollektor-drenaj şəbəkələri və selötürücü xəndəklərin təmizlənməsi və sazlanması vacib hesab edilir ki, potensial zərərin miqdarı azaldılsın.